“Türkiyə prezidentinin sözü ümmətin sözüdür”| Ankara bütün gücünü işə salacaq

2025/02/1739868216.jpg
Oxunub: 682     14:41     18 Fevral 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın paytaxtı İslamabadda Qəzzanın fələstinlilərə məxsus olduğunu və İslam dünyasının onların vətənlərindən məhrum olmasına icazə verməyəcəyini bildirib.

“Anadolu” agentliyi Ərdoğanın bəyanatını təqdim edib: “İslam Əməkdaşlıq Təşkilatı (Qəzzanın boşaldılması planına) qarşı çıxacaq. Mən Tramp-Netanyahu razılaşmasını dünya sülhü üçün təhlükə hesab edirəm və plana ən qısa zamanda yenidən baxılacağına inanıram”.

Türkiyə prezidenti bundan əvvəl Malayziya və İndoneziyaya səfər edərək, Pakistanda dörd günlük səfərini başa vurub. Pakistanın Baş naziri Şahbaz Şərif Ərdoğanı təkcə Türkiyənin deyil, İslam dünyasının lideri elan etməklə, siyasi müzakirələri yekunlaşdırıb.

“Türkiyə və Pakistan qardaşdır, dostdur və qardaşlığımızın kökləri yenidənqurmadan əvvəlki dövrə (müstəmləkəçi Hindistanın iki dövlətə bölünməsinə qədər) gedib çıxır”, - deyə Şərif bildirib. O əlavə edib ki, pakistanlılar Türkiyəni müstəqillik savaşında var gücü ilə dəstəkləyiblər, Türkiyə isə öz növbəsində istənilən vəziyyətdə Pakistanın yanındadır.

Pakistanın Baş naziri həddindən artıq ciddi bəyanat verib. “Türkiyə prezidentinin sözü ümmətin sözüdür”. O, Pakistanın Qəzzada fələstinlilərin hüquqlarını dəstəklədiyinə və Kəşmirin azadlığı üçün mübarizə aparacağına əmin edib. Bundan əvvəl Türkiyə və İranın xarici işlər nazirləri İslam Əməkdaşlıq Təşkilatının fövqəladə konfransının çağırılmasını müzakirə ediblər.

Maraqlıdır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Qüdsün multikultural-multikkonfessional statusunun sarsılmaz şəkildə qorunub saxlanması ilə bağlı açıqlama verib və bölgənin yəhudiləşdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb. Eyni zamanda, o, Qüdsün xristian irsinin qorunub saxlanmasının vacibliyini də vurğulayıb.

Türkiyə prezidentinin Ankaranın ABŞ dövlət katibi Marko Rubionun regional səfər proqramına daxil edilməməsindən narazı olduğunu müşahidə etmək olar. Onun İslam dünyasının birliyini vurğulaması sanki Vaşinqtona o mənada ünvanlanıb ki, Tramp Qəzza əhalisinin təxliyyəsində “heç bir ərəb ölkəsinin və ya başqa bir ölkənin dəstəyini almayacaq”.

İordaniya kralı II Abdullahın ABŞ-yə səfərindən sonra Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparması və Qərb mətbuatında Əmmanın on minlərlə fələstinlini qəbul etməyə hazır olması ilə bağlı yayılan xəbərləri təkzib etməsi çox diqqət çəkir. İordaniya kralı aydınlıq gətirib ki, söhbət müalicəyə ehtiyacı olan fələstinli uşaqlardan gedir.

Lakin görünən odur ki, Türkiyə prezidentinin İslam dünyasına liderliyi üzərinə götürməsi daha dərin məqsədə malikdir və bu, Rusiya-ABŞ “qar əriməsi” ilə də bağlıdır. Təsadüfi deyil ki, son günlər Rusiya ilə Suriyanın yeni hakimiyyəti arasında əlaqələrə dair məlumatlar yayılır. Buna görə də Dəməşqdə Moskva ilə dialoqun tonu dəyişib.

Göründüyü kimi, Türkiyə prezidenti potensial Tramp-Putin razılaşmasının Yaxın Şərqi “yenidən formalaşdıra biləcəyindən” ehtiyat edir. Ankara regiondakı mövqelərini bərpa etmək və möhkəmləndirmək üçün böyük səylər və resurslar sərf edib. Qəzzadakı vəziyyət ətrafında ümumislam konsolidasiyasını təmin etməklə, Ankara Rusiya-ABŞ sövdələşməsindən qanuni paya sahib ola biləcək.

Əks halda rəsmi Ankara milli təhlükəsizliyinə təhdid törədən istənilən ünsürlə mübarizə aparmaq üçün bütün rıçaqlarından istifadə edəcək. Türkiyə Qara dəniz regionunda və Şərqi Avropada da fundamental maraqlarını bəyan edib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan   Pakistan   Qəzza  


Bizi "telegram"da izləyin